www.science.az
07.10.2020 09:25

Kənd Təsərrüfatı Nazirliyində AMEA-nın institutları tərəfindən təqdim olunan layihələr müzakirə edilib

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin rəhbər şəxsləri, elmi tədqiqat institutlarının alim və mütəxəssislərinin iştirakı ilə 6 oktyabr 2020-ci il tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq institutlarının təqdim etdikləri və icrası planlaşdırılan layihələrin müzakirəsinə həsr edilmiş onlayn seminar keçirilib.

Seminarda giriş nitqi söyləyən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimov ölkənin ərazi bütövlüyünün bərpası uğrunda müzəffər ordumuzun Qarabağ savaşında əldə etdiyi uğurlar münasibəti ilə seminar iştirakçılarını təbrik edib. Nazir belə bir məsul dövrdə aqrar sektorun qarşısında duran mühüm vəzifələrə, Kənd Təsərrüfatı Nazirliyi ilə AMEA arasında elmi-texniki əməkdaşlığın gücləndirilməsinə dair imzalanmış “Niyyət Sazişi”ndən irəli gələn həlli vacib məsələlərə, Azərbaycanda aqrar sahədə mövcud olan problemlərin həllində elmin roluna və bu baxımdan keçirilən seminarın əhəmiyyətinə toxunub.

AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova bu seminarın keçirilməsinə göstərilən təşəbbüsə görə İnam Kərimova öz minnətdarlığını bildirib. O, öz çıxışında ərzaq təhlükəsizliyinin təmin olunmasının hərbdə qazanılan uğurlar qədər əhəmiyyətli olduğunu vurğulayıb və alimlərin bu sahəyə real töhfələr verməyə hazır olduqlarını, hər iki qurumun institutları arasında birgə icra olunması planlaşdırılan layihələrin əhəmiyyəti haqqında qeyd edib.

Sonra seminar Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru b.ü.f.d. İmran Cümşüdovun moderatorluğu ilə davam etdirilib. Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun aparıcı elmi işçisi biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Rüstəmova “Rəqəmsal və genom texnologiyaların tətbiqi əsasında buğdanın quraqlığa davamlı və yüksək məhsuldar rüşeym plazmasının seçilməsi və seleksiya proqramlarında istifadəsi” (rəhbər: AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Heseynova), Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev “Torpaqların şorlaşması, şorakətləşməsi və eroziyaya uğrama dərəcələrinin və qida maddələrinə təlabatının dəqiqləşdirilməsi” (rəhbər: Əlövsət Quliyev), Genetik Ehtiyatlar İnstitutunun şöbə müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Məmmədova “Molekulyar genetik və xromosom mühəndisliyi metodları ilə pambıq genofondunun zənginləşdirilməsi, iqtisadi əhəmiyyətli yeni sortların yaradılması” (rəhbər: Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov), Botanika İnstitutunun laboratoriya müdiri, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva “Azərbaycan Respublikasında təbii örüş, biçənək və otlaqların davamlı idarəedilmə sisteminin yaradılması ilə onların yem bazasının möhkəmləndirilməsi və bitki biomüxtəlifliyinin qorunub saxlanılması” (rəhbər: Səyyarə İbadullayeva) mövzularında müştərək layihələri prezentasiya formasında təqdim ediblər, konstruktiv şəkildə keçirilən seminarda iştirak edən alim və mütəxəssislərin suallarını cavablandırıblar.

Tədbirə yekun vuran nazir İnam Kərimov və akademik İradə Hüseynova birgə elmi tədqiqatların aparılması ilə aqrar sahənin inkişafına dəyərli töhfələr veriləcəyinə inamlarını ifadə ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.