www.science.az
16.10.2020 14:11

“Qafqazşünaslıq” elmi-nəzəri jurnalının ilk nömrəsi nəşr olunub

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Beynəlxalq Standart Seriya Nömrəsi almış, Azərbaycan, rus və ingilis dillərində nəşr edilən “Qafqazşünaslıq” elmi-nəzəri jurnalının birinci nömrəsi çapdan çıxıb.

Baş redaktoru müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı, məsul katibi isə Tərcümə, nəşr və informasiya şöbəsinin müdiri Günel Musayeva olan jurnalın Redaksiya Heyətinə Azərbaycanla yanaşı, Türkiyə, ABŞ, Böyük Britaniya, Rusiya, Gürcüstan, Ukrayna və Qazaxıstandan görkəmli alimlər daxildir.

Jurnalın ilk nömrəsində Azərbaycan, ABŞ və Rusiyadan 13 alim və tədqiqatçının məqaləsi dərc edilib.

M.Qasımlının ingilis dilində dərc edilən “Qafqazşünaslıq elminin aktual problemləri” adlı məqaləsində dünyanın müxtəlif ölkələrində Qafqaz regionu problemlərinə dair tədqiqatlar aparan mərkəzlərin fəaliyyəti, Ermənistanın hərbi təcavüzü önə çəkilərək respublikamızda Qafqaz məsələlərinin araşdırılmasının zəruriliyi və əsas istiqamətləri təhlil edilib. Məqalədə qeyd olunur ki, SSRİ-nin süqutundan sonra Qafqazdakı münaqişələr, xüsusən Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində yeni siyasi şərait formalaşıb. Ermənistanın təcavüzkar siyasətinin ağır nəticələrinin araşdırılması və proqnozlaşdırılması Qafqazşünas alimlərin qarşısında dayanan vəzifələrdən biridir.

Nəşrdə, həmçinin Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadənin “İran – Ermənistan  münasibətlərində erməni icması və diasporası amili”, Gürcüstanşünaslıq şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Vahid Ömərovun “Gürcüstanda əsassız erməni iddiaları”, Ermənişünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru Qasım Hacıyevin “Qafqaz xalqlarının tarixi” dərsliyi haqqında rəy”, həmin şöbənin əməkdaşı Aynur Əzimzadənin “Ermənistanda yəhudilərə qarşı ayrı-seçkilik siyasəti”, Qafqaz siyasəti şöbəsinin elmi işçisi Yeganə Baxşıyevanın “Azərbaycan Respublikasının hidrotəhlükəsizliyinə təhdidlər”, Tərcümə, nəşr və informasiya şöbəsinin müdiri Günel Musayevanın 2019-cu ilin may ayında Bakıda keçirilmiş Qafqazşünasların II Beynəlxalq Forumunda Qafqaz problemlərinin müzakirəsinə həsr edilmiş məqaləsi, akademiyanın Gəncə Bölməsinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Elnur Həsənovun “Ənənəvi Gəncə xalçaları Azərbaycan mədəni irsinin örnəkləri kimi” və digər önəmli yazılar yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.