www.science.az
19.10.2020 15:40

Azərbaycan haqq mübarizəsində qalib gələcək

Bu günlərdə Azərbaycan qədim və möhtəşəm tarixinin yeni şanlı qələbələr dolu səhifələrini yazır. Əzəli və əbədi Qarabağ torpaqları silahlı qüvvələrimiz tərəfindən yağı düşməndən azad olunur, 30 ilə yaxın davam edən torpaq həsrəti yekunlaşmaq üzrədir.

27 sentyabrda erməni silahlı qüvvələrinin Azərbaycana qarşı müxtəlif istiqamətlərdə növbəti təxribatının qarşısı hər zaman olduğu kimi alınsa da, artıq səbri tükənmiş şanlı ordumuz əks-həmlə əməliyyatlarına başladı. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən qısa müddətdə erməni işğalçılarına ciddi zərbələr endirildi. Döyüşlər məhv edilən düşmən sayına və ələ keçirilən hərbi texnika, eləcə də azad edilən torpaqlar baxımından Ermənistan üçün sarsıdıcıdır.

Azərbaycan Ordusu böyük rəşadət göstərərək döyüşlərin davam etdiyi qısa müddətdə bir sıra yaşayış məntəqələrimizi, strateji yüksəklikləri, həmçinin Hadrut qəsəbəsini, Murovdağ zirvəsini, Cəbrayıl və Füzuli şəhərlərini və xeyli sayda tarixi kəndlərimizi işğaldan azad etdi. Qürurverici haldır ki, hazırda həmin ərazilərdə üçrəngli Azərbaycan bayrağı dalğalanır.

Hər gün qələbə xəbərlərinə sevinirik

Azərbaycan əsgərinin şücaəti, ordumuzun döyüş ruhu, Vətən sevgisi və torpaq həsrəti onun inamla və əzmkarlıqla irəliləməsini şərtləndirir və budur, üçrəngli müqəddəs bayrağımızın kölgəsində düşmən qüvvələri ya darmadağın edilir, ya təslim olur, ya da geriyə qaçır.

Cənab Ali Baş Komandan İlham Əliyevin qətiyyətli addımları, xalqa müraciətləri cəmiyyətimizdə və xaricdə yaşayan soydaşlarımızda ruh yüksəkliyi yaradıb, hər birimizi daxilən səfərbər edib. Həmçinin hər gün ard-arda gələn qələbə xəbərləri də bir milyondan artıq qaçqın və məcburi köçkünün ürəyində Qarabağ torpaqlarına qayıdış inamını bir daha yüksəklərə qaldırır.

Ermənistan rəhbərliyi beynəlxalq hüquq qarşısında cavab verməlidir

Hazırda döyüş əməliyyatlarının tam sürətlə davam etdiyi bir vaxtda Ermənistan məğlubiyyətini həzm edə bilmir və öz ənənəvi xislətinə sadiq qalaraq faşizm mahiyyətini ortaya qoyur, yeni təxribatlara əl atır, döyüş bölgəsindən kənarda yerləşən yaşayış yerlərini, mülki əhalini hədəfə alır. Ağır artilleriyadan, müxtəlif ballistik raketlərdən sivil insanlara və mülki obyektlərə qarşı istifadə edir. Bu da, hələ ki, dünyanın susduğu növbəti erməni barbarlığıdır.

Ermənistan ərazisindən, o cümlədən, Gorus, Sisian, Vardenis, Cermuk və Berd şəhərlərindən hazırda təmas xəttindən kənarda yerləşən və mülki əhalinin sıx məskunlaşdığı Gəncə, Mingəçevir, Tərtər, Ağdam, Beyləqan, Ağcabədi, Bərdə, Goranboy, Göygöl, Xızı, Zərdab və Abşeron əraziləri müntəzəm və məqsədyönlü şəkildə raket hücumlarına məruz qalır.

Azərbaycan ərazilərinə artilleriya atəşləri Ermənistan tərəfindən uzaqmənzilli artilleriya vasitəsilə aparılır, “Toçka U” və “Elbrus” kimi ölümsaçan sistemlərdən istifadə edilir ki, bu da 1949-cu il Cenevrə konvensiyalarının kobud şəkildə pozulmasıdır, cinayətdir. İşğalçı Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, eləcə də özlərinin, belə demək mümkünsə “yalvarışlarının” əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərinə məhəl qoymamağa davam edir.

Onu demək kifayətdir ki, təkcə Azərbaycan Respublikasının ikinci böyük şəhəri, qədim tarixə malik olan Gəncə şəhərinə atılan iki raket hücumu nəticəsində 20-dən çox günahsız insan qətlə yetirilib, 80-ə yaxın insan isə ağır xəsarət alıb. Erməni xisləti özünü göstərməkdədir. Gecə saat bir radələrində, döyüş bölgəsindən 100 km kənarda yerləşən, yatmış, dinc əhalini, qadın, uşaq və körpələri raket ətaşinə ancaq erməni ordusu tuta bilər. Azərbaycan xalqı dəfələrlə bunun şahidi olmuşdur. Bu, erməni vəhşiliyinin iyrənc ifadəsidir, qətliamdır, terrordur və cəzasız qalmamalıdır.

Ermənistanın bu əraziləri atəşə tutmaqda əsas məqsədi də, şübhəsiz ki, üçüncü ölkələri öz xeyrinə münaqişəyə cəlb etməkdir. Çünki dost, düşmən, hər kəs gördü ki, Azərbaycan müharibədə müqayisəolunmaz üstünlüyə malik olsa da, münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində dinc yolla həllinin tərəfdarıdır və üzərinə düşən vəzifələri yerinə yetirir. Sülh danışıqlarından imtina etməyən Azərbaycandan fərqli olaraq mənfur Ermənistan isə sözügedən danışıqların şərtlərini bir neçə saat sonra pozaraq özünün əsl məkrli mahiyyətini göstərmiş oldu.

Azərbaycan xalqı xilaskar liderinə inanır

Prezident İlham Əliyev həmişə olduğu kimi, son əks-hücum əməliyyatlarının gedişində də möhkəm və yenilməz siyasi iradə və xüsusi prinsipiallıq nümayiş etdirdi. Düşmənə uzun illərdən bəri havadarlıq edən qüvvələrin təzyiqlərinə baxmayaraq ölkəmizin milli maraqlarını həmişəki kimi qətiyyətlə müdafiə etdi.

Ali Baş Komandan istər xarici televiziya və jurnalistlərə müsahibələrində, istərsə də xalqa müraciətlərində Azərbaycan əsgərinin yalnız ölkəmizin ərazi bütövlüyünü bərpa etmək və düşmənlərdən qorunmaq üçün döyüşdüyünü vurğulayıb. “Biz öz torpağımızda döyüşürük, vuruşuruq. Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir və biz haqq yolundayıq. Bizim əsgərimiz xilaskar əsgərdir. Çünki öz doğma dədə-baba torpağını işğalçılardan azad edir”.

Bu hərbi əməliyyatlar sübut edir ki, cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi modern ordu quruculuğunun uğurlu nəticələrini döyüş meydanında nümayiş etdirən və əzəli torpaqlarımızı işğaldan azad edən qüdrətli Azərbaycan Ordusu Cənubi Qafqaz regionunun ən yüksək döyüş qabiliyyətinə malik hərbi gücüdür.

İşğalçı düşmənə hər gün və hər cəbhədə qalib gələn, qazandığı zəfərlərin sayını durmadan artıran şanlı ordumuzun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağı erməni terrorçularından tam azad edəcəyinə əminik. Çünki bu, Vətən savaşıdır və Qarabağ Vətən torpağıdır, Qarabağ Azərbaycandır!

Oqtay SƏMƏDOV, Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.