www.science.az
20.10.2020 14:09

Neft-qaz sənayesinə həsr olunmuş məqalə beynəlxalq konfransın materiallarında işıq üzü görüb

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov və böyük elmi işçi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimovun həmmüəllifi olduğu “Neft-qaz sənayesində fog computing texnologiyalarının tətbiqi məsələləri” adlı məqalə 12-13 oktyabr 2020-ci il tarixlərində Türkiyənin İstanbul Rumeli Universitetində keçirilən “Mühəndisliyin texniki və fiziki problemləri” mövzusunda XVI  beynəlxalq konfransın materiallarında nəş olunub.

Son vaxtlar cloud computing texnologiyalarından neft-qaz sənayesinin müxtəlif sektorlarının idarəedilməsində geniş istifadə olunur. Cloud computing generasiya olunmuş məlumatların emal edilib saxlanılması üçün effektiv texnologiya olmasına baxmayaraq, mövcud tətbiqlərin real zamanda istifadəsi və ya gecikmə ilə bağlı məhdudiyyətlərə malik olması, eyni zamanda şəbəkənin aşağı keçiricilik qabiliyyəti kimi problemlərin həlli yalnız bu texnologiya vasitəsilə mümkün deyil.

Bu məqsədlə “Neft-qaz sənayesində fog computing texnologiyalarının tətbiqi məsələləri” adlı məqalədə fog computing texnologiyalarının neft-qaz sənayesində tətbiqi məsələsinə baxılıb. Fog computing-dən istifadənin cloud computing-ə nəzərən yaratdığı üstünlükləri təhlil edilib.

Tədqiqat işi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun maliyyə dəstəyi ilə yerinə yetirilən qrant layihəsi çərçivəsində hazırlanıb.

Qeyd edək ki, “Mühəndisliyin texniki və fiziki problemləri” mövzusunda tədbirin keçirilməsində əsas məqsəd elm adamları üçün mühəndislik, enerji sistemləri və texnologiya ilə bağlı tədqiqat işlərini təqdim etmək üçün yeni platformanı təmin etmək, eləcə də müxtəlif ölkələrdən olan tədqiqatçılar arasında elmi əməkdaşlığı və təcrübə mübadiləsini genişləndirməkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.