www.science.az
20.10.2020 11:33

İnformasiya Texnologiyaları İnstitutu Beynəlxalq Astronavtika Konqresində fəal iştirak edəcək

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti onlayn iclasında 2022-ci ildə Bakıda keçiriləcək 73-cü Beynəlxalq Astronavtika Konqresində institutun iştirakı məsələsi müzakirə olunub.

AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev ABŞ-ın paytaxtı Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasındakı seçkilər zamanı Bakı şəhərinin 2022-ci ildə keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququnu qazandığını diqqətə çatdırıb.

Alim qeyd edib ki, dünyanın 68 ölkəsini təmsil edən 398 təşkilatın üzv olduğu federasiya kosmik sahədə fəaliyyət göstərən ən mötəbər beynəlxalq təşkilatdır. 1950-ci ildən bəri fərqli ölkələrdə keçirilən Beynəlxalq Astronavtika Konqresi təşkilatın əsas tədbiridir. Konqres zamanı iştirakçılar kosmos sahəsinə aid aktual trendləri və ən son innovasiyaları izləmək fürsəti əldə edirlər.

“Konqres 1973-cü ildə ulu öndər Heydər Əliyevin Azərbaycanın rəhbəri kimi göstərdiyi səylər nəticəsində keçmiş Sovet İttifaqında yalnız bir dəfə məhz Bakı şəhərində keçirilib. Bu da öz növbəsində Azərbaycanın kosmonavtika tarixinin əsasını qoymuş, növbəti ildə kosmik texnologiyaların köməyilə elmi mərkəz yaradılmış və kosmik tədqiqatların aparılmasına start verilib. Həmin illərdə tədbirdə dünyanın 17 ölkəsindən 1500-dən çox nümayəndə iştirak edib. Hazırda isə paytaxtımızda keçiriləcək bu konqres kosmos ictimaiyyətinin 6000-dən çox nümayəndəsini bir araya toplamağı nəzərdə tutur. Bakı şəhərinin hər il keçirilən beynəlxalq konqresə ev sahibliyi etmək hüququnu qazanmasında Cənubi Qafqazda ilk peyk operatoru olan “Azərkosmos”un böyük əməyi vardır”, – deyə R.Əliquliyev bildirib.

Akademik dünyanın kosmik sahədə aparıcı agentlikləri, elm mərkəzləri və beynəlxalq təşkilatlarının rəhbərləri, eləcə də tanınmış alimlər, gənc tədqiqatçılar və tələbələr də daxil olmaqla, dünya kosmos ictimaiyyətinin nümayəndələrinin Azərbaycanda bir araya gələcəklərini nəzərə çatdırıb. Qeyd edib ki, tədbirin yüksək səviyyədə təşkil olunmasında AMEA-nın elmi müəssisələri, xüsusən də İnformasiya Texnologiyaları İnstitutu fəal iştirak etməlidir. Big data və kosmik tədqiqatlar, kiber-fiziki sistemlərlə kosmik texnologiyaların konvergensiyası, kosmosdan toplanmış məlumatların iqtisadi müstəviyə gətirilməsi və s. istiqamətlərdə tədqiqatların aparılması zəruridir və institutun alimləri bu işə öz töhfələrini verməlidirlər.

Alim Azərbaycanda Beynəlxalq Astronavtika Konqresinin keçirilməsinin ölkəmizdə kosmik sahənin formalaşması və inkişafı nəticəsində əldə edilmiş tarixi nailiyyət olduğunu vurğulayıb: “Bu tədbir turizm sektoruna müsbət təsir göstərməklə yanaşı, ölkəmizin adət-ənənələrini, tarixini və həqiqətlərini dünyaya bir daha nümayiş etdirməyə imkan yaradacaq, kosmik elmin sürətli inkişafı və bu sahədə əlaqələrin genişləndirilməsinə təkan verəcək”.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.