www.science.az
20.10.2020 15:45

Botanika İnstitutunun alimləri beynəlxalq simpoziumda iştirak ediblər

Botanika İnstitutunun alimləri Kyu Kral Bağının təşəbbüsü ilə keçirilmiş bitki və göbələklərin hazırkı vəziyyətinin təhlili üzrə beynəlxalq Simpoziumda (State of the World's Plants and Fungi Virtual Symposium) iştirak ediblər.

Simpoziumu Kyu Kral Bağının elm üzrə direktoru, professor Aleksandre Antonelli açaraq virtual tədbirə 3000-dək iştirakçının qatıldığını bildirib. Tədbirdə AMEA-nın Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə, şöbə və laboratoriya müdirləri Dilzarə Ağayeva, Rəşad Səlimov və Aidə İbrahimova iştirak ediblər.

Virtual tədbirin əsas məqsədi biosferin və yer səthində intensiv və ardıcıl təhlükələrə məruz qaldığını bir daha xatırlatmaqdır. Bu təhlükələrə meşə sahələrinin azalması, qlobal emissiyanın nəticəsi kimi iqlim sisteminin pozulması, yeni patogenlərin məhsuldarlıq və sağlamlıq üçün yaratdığı təhlükələr, yerli növlərin invaziv növlərlə rəqabətdə çıxdaş olması aid edilir. Simpozium bu məsələlər ətrafında edilən çıxışlar, əldə olunan məlumatlar və biliklərin qiymətləndirilməsinə əsasən, həmçinin bitki və göbələklərin qlobal statusunda meyilləri izləməklə mühüm beynəlxalq standartları müəyyən edir.

Qeyd edək ki, bu qlobal tədbirdə Azərbaycan alimlərinin iştirakı yuxarıda göstərilən təhlükələri nəzərə almaqla ölkəmizdə bioloji müxtəlifliyin mühafizəsi istiqamətində yeni inkişaf mərhələsinin müəyyənləşdirilməsinə təkan verəcəkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.