www.science.az
21.10.2020 12:44

Botanika İnstitutunun əməkdaşları ekspedisiyada olublar

AMEA-nın Botanika İnstitutunun Ekosistemlərin fitososiologiyası laboratoriyasının əməkdaşları Qusar, Lənkəran, Lerik və Astara rayonlarında ekspedisiyada olublar.

Əsas məqsəd meşə ekosistemlərində və Xəzər dənizinin sahil boyunca yayılan erkən payız fəslində rast gəlinən faydalı bitkilərin yayılması, onların fitosenotik xüsusiyyətlərinin tədqiqi və nadir bitkilərin populyasiyalarının mövcud vəziyyətinin öyrənilməsi olub.

Çöl tədqiqatları zamanı sözügedən ərazilərdə 50-dən çox dərman və qida əhəmiyyətli ağac, kol və ot bitkiləri qeydə alınıb. Həm meşələrdə, həm də dəniz sahilində yayılan 10 nadir növün (Alcea lenkoranica, Alibizia julibrissin, Alnus subcordata, Buxus hyrcana, Diospyros lotus, Parrotia persica, Pterocarya pterocarpa, Punica granatum, Taxus baccata, Zelkova carpineifolia və s.) herbari nümunələri yığılıb, GPS koordinatları götürülüb və populyasiyalarının vəziyyəti öyrənilib. Müəyyən olunub ki, tədqiq edilən ərazilərdə əksər növlərin bərpa olunma prosesləri qənaətbəxş olsa da, növlərin çoxunda göbələk xəstəlikləri aşkarlanıb və bu da cavan fərdlərin təhlükə altında olmasının göstəricisidir. Həmçinin qeyd olunub ki, meşə və dəniz kanarı ərazilərdə infrastrukturun genişlənməsi orada yayılan nadir növlərin azalmasına səbəb ola bilər.

Nəticədə həmin ərazilərdən əvvəlki illərlə müqayisəli şəkildə toplanan bitki nümunələrindən müəyyənləşdirilib ki, invaziv növlərin arealı xeyli genişlənib və bəzi invaziv növlər üçün yeni yayılma arealları qeyd olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.