www.science.az
21.10.2020 13:16

Çiçəklərin baş tacı Xarıbülbülün ətri duyulur

Zaman-zaman şairlərin, yazıçıların, musiqiçilərin ilham qaynağı olan bu unikal çiçək Xarıbülbül məhz bu torpağa - Azərbaycana məxsusdur.

Həm florası, həm faunasının zənginliyi ilə seçilən və hazırda düşmən tapdağından bizə qovuşmaq həsrəti ilə çırpınan Şuşamızdan Xarıbülbülün ətri duyulur. Xarıbülbül, bu gözəl çiçək - vətənimiz Azərbaycanın, Qarabağın, Şuşanın canlı rəmzidir.

Xarıbülbül Azərbaycan florasının nadir endemik bitkisidir. Bu gözəl bitki Səhləbkimilər (lat.Orxidacea) fəsiləsinin Ofris (Ophrys lat.) cinsinə aiddir. Xarıbülbül adlandırdığımız bitki latınca Ophrys Caucasica və ya Ophrys Mammosa adlanır, lakin Azərbaycanda bitən bütün növlərə el arasında Xarıbülbül deyilir. Xarıbülbülün digər adı - Qafqaz qaş Səhləbidir. Ophrys – yunan mənşəli sözdür, mənası "qaş” deməkdir.

Ofris cinsinin 50-dən çox növü var və bunların bir çoxu Azərbaycanın müxtəlif bölgələrində, ümumiyyətlə Qafqaz və Zaqafqaziya ərazisində mövcuddur. Digərləri isə Türkiyə, Yunanıstan, Krım və başqa yerlərdə bitir. Bu bitkinin Azərbaycanda bitən bütün növləri Xarıbülbül adı ilə tanınır və latınca ophrys caucasica və ya ophrys mammosa adlanır. Ophrys caucasica və ofrislərin bir çox başqa növləri isə hətta Qırmızı kitabda qeydə alınıblar.

Əsas məskəni Cıdır düzü olan Xarıbülbül Qızıl Qaya deyilən yerdə daha çox yayılıb.

Xarıbülbül gözəllik, zərifliklə yanaşı, həm də cəsarət rəmzi hesab edilir. Ancaq artıq illərdir ki, Xarıbülbülün yalnız bir rəvayəti var - əsirlik. Bu, o qədər nəcib güldür ki, Qarabağın, Şuşanın işğalda olduğu zaman kəsiyində onun açmasının mümkünsüzlüyünü düşünənlər də az deyil. Ona görə torpaqlarımızın işğaldan azad olunacağı gün həm də Xarıbülbülün əsarətdən qurtulacağı gündür. Qürbət cənnət olsa da, Vətən ola bilməz. Bu, özünü zaman-zaman təsdiq etmiş həqiqətdir. Yaradılış hər zaman Vətən hava­sına möhtacdır. Doğma torpaqdan havalanan bir əsim yel də on­ların dərdinə dərman ola bilir.

İndi Ali Baş Komandanımız və Azərbaycan Ordusunun şücaəti ilə Qarabağımız kimi, Xarıbülbülümüz də əsirlikdən azad olunur!  

Biz artıq Şuşada, Qarabağda Azərbaycan bayrağını dalğalandırmağın astanasındayıq. İnanırıq ki, bir gün qürurlu gül Xarıbülbül yenidən ruhlanacaq və öz nəfəsi ilə doğma torpaqlarımızı isidəcək. 

Tünzalə ARAZLI, AMEA-nın Dendrologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.