www.science.az
21.10.2020 13:18

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin açıqlaması

20 oktyabr 2020-ci il tarixində Prezident İlham Əliyev Azərbaycan xalqına növbəti müraciətində ordumuzun apardığı anti-terror əməliyyatı çərçivəsində Füzuli, Xocavənd, Cəbrayıl və Zəngilan rayonlarının ümumilikdə 24 yaşayış məntəqəsinin, həmçinin Zəngilan şəhərinin erməni işğalçılarından azad olunduğunu elan etmişdir. Azərbaycan Ordusunun 27 sentyabr tarixindən etibarən bir-birinin ardınca qazandığı parlaq zəfərlərin davamı olan bu qələbə dövlətimizin, şəxsən cənab Prezidentin torpaqlarımızın işğaldan azad edilməsi məsələsində nə qədər dönməz, prinsipial mövqedən çıxış etdiyini bir daha bütün dünyaya nümayiş etdirmiş oldu.

Ermənistan hərbçilərinin öz mövqelərini, silah-sursatlarını  döyüş meydanında ataraq rüsvayçı şəkildə qaçması və “qorxmaz”, “məğlubedilməz” erməni ordusu haqqında illərlə yaradılan mifin bir anda sabun köpüyü kimi partlaması ölkəmizin müharibənin gedişində yalnız hərbi-strateji baxımdan deyil, həm də psixoloji nöqteyi-nəzərdən üstünlük əldə etməsilə nəticələnmişdir. Qürur hissilə qeyd etmək istəyirəm ki, Qarabağ məsələsində siyasi əqidəsindən, milli və dini mənsubiyyətindən asılı olmayaraq cəmiyyətimizin Prezidentin ətrafında bir yumruq kimi birləşməsi, işğalçıya öz qəzəbini və qətiyyətini nümayiş etdirməsi Azərbaycanın düşmən üzərindəki psixoloji üstünlüyünü daha da möhkəmləndirmişdir. Tariximizin şanlı səhifələrindən birinin yazıldığı bu günlərdə cəmiyyətimizdə hökm sürən mübariz əhval-ruhiyyə 30 ildən bəri yaşanan “məğlub xalq” sindromunu da birdəfəlik aradan qaldırdı. Şübhəsiz ki, Azərbaycan xalqı hər birimizin vicdanımızdan bu ləkəni öz qanları ilə təmizlədikləri üçün qəhrəman əsgərimizə əbədiyyən minnətdar olacaqdır.  

Azərbaycan Prezidentinin son çıxışlarında şahidi olduğumuz qətiyyət bizi əmin edir ki, müharibə sonuncu erməni əsgərinin torpaqlarımızdan qovulacağı günə qədər davam edəcək. Prezidentimizin bu sözləri xalqımızın ürəyindən xəbər verir və hər bir azərbaycanlının Qarabağ məsələsindəki həyəcanını, istəyini ifadə edir.

Ümumiyyətlə, qeyd etmək istəyirəm ki, Qarabağ döyüşlərində əldə olunan uğurlu nəticələr Azərbaycan Prezidenti cənab İlham Əliyevin yalnız görkəmli siyasi və dövlət xadimi deyil, həm də qətiyyətli Ali Baş Komandan, istedadlı sərkərdə olduğunu sübuta yetirdi. İnanıram ki, xalqımız zəfər yürüşümüzün yekununda Prezident İlham Əliyevin bu tarixi xidmətini layiqincə qiymətləndirəcək. Əminəm ki, Prezident İlham Əliyevin adı dövlətçilik salnaməmizə Şah İsmayıl Xətai, Şah Abbas, Nadir şah kimi görkəmli sərkərdələrin adı ilə yanaşı həmişəlik həkk olunacaq.     

Hər bir azərbaycanlı Ordumuzun 27 sentyabrda başladığı əməliyyatlara Şuşanın, Xankəndinin düşməndən təmizlənməsilə nöqtə qoyacağı günü səbirsizliklə gözləyir. Həmin gün uzaqda deyil. İllərlə aşılmaz kimi təqdim edilən erməni istehkamlarını bir neçə günün içində əzib keçən Azərbaycan əsgərinin bu vəzifənin də öhdəsindən şərəflə gələcəyinə əminəm. Cənab Prezidentin iradəsi, ordumuzun döyüş ruhu, xalqımızın birliyi qarşısında miskin Ermənistanın təslim olacağı vaxta az qalıb. Ölkə başçısının qeyd etdiyi kimi, biz Böyük Qayıdış ərəfəsindəyik. Səmimi qəlbdən hər bir azərbaycanlıya bu qayıdışı görməyi, onun sevincini yaşamağı arzulayıram.  

Qarabağ – Azərbaycandır! Belə olub və həmişə də belə olacaq!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.