www.science.az
25.02.2021 09:48

Şəhid həkim Mirlətif Ağayevə məxsus əşyalar Milli Azərbaycan Tarix Muzeyinə təhvil verilib

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə şəhid həkim Mirlətif Ağayevə məxsus əşyalar təqdim edilib.

Şəhidin əşyaları muzeyə Elmi-kütləvi iş və təhsil şöbəsinin əməkdaşı Qənirə Qafarlı tərəfindən təqdim olunub.

Mirlətif Ağayev 1990-cı ildə Cəlilabad rayonunun Göytəpə qəsəbəsində anadan olub. Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsində təhsil alıb. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlananda könüllü surətdə cəbhəyə yollanan Mirlətif Ağayev həm həkimlik, həm də insanlıq borcunu yerinə yetirərək 247 yaralını döyüş meydanından çıxararaq onları həyata qaytarıb. O, təkcə həkim kimi deyil, fəal döyüşçü kimi də şücaət göstərib. Füzuli, Cəbrayıl və Qubadlı uğrunda döyüşlərdə iştirak edib və oktyabrın 26-da Qubadlının Balasoltanlı kəndində şəhid olub.

Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.