www.science.az
25.02.2021 11:05

Özbəkistan səfiri Ədəbiyyat İnstitutunun qonağı olub

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Özbəkistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bəhram Əşrəfxanov və səfirliyin attaşesi Aybek Əkrəmovla görüş keçirilib.

Tədbirdə Azərbaycan-Özbəkistan ədəbi-mədəni əlaqələrinin gələcək planları müzakirə olunub.

Görüşdə çıxış edən AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli görülmüş işlər barədə qonaqları məlumatlandırıb. Qeyd edib ki, 2019-cu ildə institutda “Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca lüğət”in təqdimat mərasimi keçirilib, 2020-ci ildə Azərbaycan və özbək dillərində Əlişir Nəvainin “Hikmətli sözlər” əsəri çap olunub. Həmçinin 2020-ci ildə sözügedən müəssisədə Özbəkistan Respublikasının Azərbaycandakı səfirliyi və Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universiteti ilə birlikdə Əlişir Nəvainin anadan olmasının 579 illiyinə həsr edilən “Əlişir Nəvai ədəbi və elmi irsinin öyrənilməsi” adlı beynəlxalq elmi konfransın keçirildiyini xatırladıb. Bundan əlavə, cari ilin fevral ayında Nizami və Nəvaiyə, eləcə də Babura həsr edilən konfransların təşkil olunduğunu qonaqların diqqətinə çatdırıb.

Akademik “Müqayisəli ədəbiyyatşünaslıq” beynəlxalq elmi jurnalının Azərbaycan-özbək ədəbi əlaqələrinə həsr olunan xüsusi buraxılışı haqqında da məlumat verib.

Səfir Bəhram Əşrəfxanov isə görülən işlərin davamlı olacağını bildirib və beşcildlik “Özbək dilinin izahlı lüğəti”ni instituta hədiyyə edib. O, Ədəbiyyat İnstitutunda Əlişir Nəvai adına Ədəbiyyatşünaslıq Mərkəzinin yaradılmasını yüksək qiymətləndirib və oranı ziyarət edib. Filologiya elmləri doktoru Almaz Ülvinin “Əlişir Nəvainin əsri və nəsri” adlı kitabından söz açaraq kitabın təqdimatının nəzərdə tutulduğunu bildirib.

Qeyd edək ki, görüşdə müəssisənin Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvi, filologiya üzrə fəlsəfə doktorları  Aygün BağırlıMehman Həsənli iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.