www.science.az
26.02.2021 14:37

Şərqşünas alimin "Xocalı soyqırımı: insanlığın faciəsi" məqaləsi ərəb saytında dərc edilib

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı Elnur Mustafayevin ərəb dilində yazdığı "Xocalı soyqırımı: insanlığın faciəsi" adlı məqalə İordaniya Haşimilər Krallığının nayrouz.com saytında yayımlanıb.

Məqalədə erməni radikal millətçilərinin son iki yüz il ərzində azərbaycanlılara qarşı milli və dini zəmində həyata keçirdikləri soyqırım cinayətləri, həmçinin erməni hərbi-siyasi hakimiyyətinin tarixi Azərbaycan torpaqlarına qarşı yürütdüyü işğalçılıq siyasəti haqqında ətraflı məlumat verilir. Bununla yanaşı, məqalədə ermənilərin Qarabağda ərazi iddiaları barəsində problemlərə toxunulur, ötən əsrin 90-cı illərindən başlayaraq erməni hərbi qüvvələrinin törətdikləri hərbi cinayətlər barəsində, xüsusilə insanlığın faciəsi hesab edilən Xocalı soyqırımı və bu soyqırım nəticəsində dəymiş maddi və mənəvi zərərlər haqqında məlumatlar rəsmi mənbələrə istinad edilməklə və konkret rəqəmlərlə qeyd edilir.

Əlavə olaraq məqalədə Xocalı həqiqətləri və erməni hərbi qüvvələrinin azərbaycanlılara qarşı həyata keçirdiyi hərbi-siyasi cinayətlərin müxtəlif dillərdə olmaqla beynəlxalq ictimaiyyətə çatdırılmasında Şərqşünaslıq İnstitutunun fəaliyyəti haqqında məlumat paylaşılır.

Həmçinin məqalədə Şərqşünaslıq İnstitutunun əməkdaşlarının ilk dövrlərdən etibarən Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyi, ermənilərin işğalçılıq siyasəti və azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırım, ələlxüsus Xocalı soyqırımı kimi mövzuları əhatə edən kitab və məqalələr yazması və dünya mətbuatında nəşr etdirməsi ilə bağlı məlumat işıqlandırılır. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.