www.science.az
26.02.2021 15:40

Xocalı şanlı bayrağımız Qarabağda sancılana qədər türk dünyasının ürəyində bir yara oldu

Bakıda Şəhidlər Xiyabanında 12 şəhid uyuyur. Xocalıda ermənilər tərəfindən qətlə yetirilən 33-ü uşaq, 106-sı qadın olmaqla 613 Azərbaycan türkündən sadəcə 12-sinin cəsədi Bakıya gətirildi. Qədim türk yurdu Xocalı fevralın 25-dən 26-na keçən gecə demək olar ki, bir ordu tərəfindən deyil, bir qrup quldur və onların tərəfdarları tərəfindən topla, tankla, raketlərlə yandırıldı, məhv edildi.

Bu alçaq soyqırımı təkcə Xocalıda deyil, bütün Qarabağda həyata keçirildi. Bir milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşərək öz doğma torpaqlarından ayrılmaq məcburiyyətində qaldı. Dünya bu vəhşətə səssiz qalsa da, Azərbaycan türkləri böyük şair Əhməd Cavadın dediyi kimi, susmadı:

“Niyə susum, danışmayım…? insanlıqda payım var,

Mənim ana vətənimdir talan olan bu diyar.

Niyə susum, danışmayım,

Türk yurdudur bu torpaq,

Oğuzların, Elxanların vətənində kimdir, bax!

Susmayacam…

Dünya zülmə edilən üsyanlara qulaqlarını bağlasa da, Azərbaycanın qəhrəman xalqı səsini eşitdirincəyə qədər hayqırdı, bağırdı. Dar günlərdə bir-birinə dəstək olan türklər həmin ərəfədə də bir yerə toplanmağı bacardılar, hər kəs əlindən gəldiyi qədər istər maddi, istər də mənəvi olaraq öz türk qardaş və bacılarına kömək edirdilər.

Xocalı türk dünyasının ürəyində bir yara oldu, ta ki qəhrəmanlarımız torpaqlarımızı 2020-ci ildə işğaldan azad edib, şanlı bayrağı Qarabağa sancana qədər bu yara bizə əzab verdi.

Hər nə qədər ürəyimizə bir az su səpilsə də, işgəncəyə məruz qalan, şəhid olanların, hamilə qadınların, ahıl-qocaların ağrısı-acısı hələ də ürəyimizi yandırmağa davam edir.

Bir daha bu halı, bu vəziyyəti təkrar yaşamamaq üçün nə etməliyik? İlk olaraq  Anadolu türkləri ilə digər türk xalqları arasında ortaq bir mədəniyyət və iqtisadi əlaqələr mühiti təmin etmək lazımdır. Bütün türk dövlətlərinin bir birlik altında birləşməsi hədəflənməlidir. Türk birliyini qurmaq fikri ideoloji düşüncə və ya meydan oxumaq kimi deyil, bir ailənin birləşməsi kimi qiymətləndirilməlidir. Avropa Birliyinin varlığı kimsəni narahat etmədiyi kimi, türk birliyi də heç kəsi narahat etməməlidir. Bu məqsədlə ilk addım da Azərbaycan və Türkiyənin daha yaxın və daha sıx əməkdaşlığa başlaması ilə atılmalıdır. “Bir millət və iki dövlət” anlayışı ilə bir çox məsələdə ortaq hərəkət edən Azərbaycan və Türkiyə kənd təsərrüfatı, istehsal, təhsil və texnologiya sərmayələrini planlaşdıraraq ortaqlıqlarını bir addım daha irəliyə apara bilərlər. Naxçıvan və Qarabağdan keçərək Xəzərə və oradan Türküstana (Orta Asiya) açılacaq dəhliz türk xalqlarının inteqrasiyası üçün əhəmiyyətli bir yol olacaqdır.

26 fevral 1992-ci ildə Xocalıda qızılgüllərimiz yerə düşsə də, budaqlarımız qurusa da, Qarabağ zəfəri ilə ümidlərimiz yenidən çiçəkləndi. Ancaq Xocalını unutmamalı və unutdurmamalıyıq. Bu, orada canlarına qıyılmış övladlarımıza olan borcumuzdur. Susmamalıyıq, edilən zülmləri sübut etməyə davam etməliyik. Şairimiz Əhməd Cavadın dediyi kimi:

Mən türk övladıyam, dərin ağlım, zəkam var,

Nə vaxtacan çiynimizdə əzəcəkdir yağılar?

Nə qədər ki, hakimlik var, məhkumluk var, mən varam,

Zülmə qarşı üsyankaram, əzilsəm də susmaram!

Yaşasın, Azərbaycan!

Ali Merthan DÜNDAR, Ankara Universitetinin Asiya-Pasifik Araşdırmaları Mərkəzinin direktoru, professor

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.