www.science.az
25.03.2021 20:04

AMEA-nın müxbir üzvü Nüşabə Araslının 80 yaşı tamam olur

Bu gün görkəmli ədəbiyyatşünas alim, “Şöhrət” ordenli, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Nüşabə Araslının 80 yaşı tamam olur.

Nüşabə Həmid qızı Araslı 1941-ci il martın 25-də Bakı şəhərində anadan olmuş­­dur. 1957-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universi­te­ti­nin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin fars şöbəsinə daxil olmuş, 1962-ci ildə universiteti fərq­lən­mə diplomu ilə bitirərək AMEA-nın Əlyazmalar Fonduna (hazırda Məhəm­məd­ Füzuli adına Əlyazmalar İnstitutu) kiçik elmi işçi vəzifəsinə təyin edilmişdir.­ 1966-cı ildə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olmuş, 1969-cu ildə “Arif Ərdəbili və onun “Fərhadnamə poeması” mövzu­sun­da namizədlik dissertasiyası müdafiə etmişdir. 1988-ci ildə “Nizami və türk ədə­biy­yatı” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, 2010-cu ildə pro­­fes­­sor elmi adını almışdır. 2017-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

Nüşabə Araslı 1969-2014-cü illərdə Nizami adına Ədəbiyyat İnstitutunda kiçik,­ böyük, aparıcı və baş elmi işçi vəzifələrində çalışmış, 2013-cü ildə həmin insti­tu­tun Qədim dövr Azərbaycan ədəbiyyatı şöbəsi nəzdində yaradılan Nizami­şü­nas­lıq sektorunun rəhbəri olmuşdur. 2014-cü ildən Nizamişünaslıq şöbəsinin müdiridir.

Alimin elmi fəaliyyətinin başlıca istiqamətlərini qədim və orta əsr  Azərbaycan ədəbiyyatının elmi-nəzəri problemləri, klassik poeziyamızın Şərq xalqları ədəbiyyat­ları ilə qarşılıqlı əlaqələri, tipologiyası, “Kitabi-Dədə Qorqud” abidəsinin, Xa­qa­­ni, Nizami, Arif Ərdəbili, Nəsimi, Xətai, Füzuli və b. sənətkarların ədəbi irsinin təd­­qi­qi təşkil edir. Onun “Arif Ərdəbili və onu “Fərhadnamə” poeması”, “Nizami və­ türk ədəbiyyatı”, “Nizaminin poetikası” monoqrafiyalarında və çoxsaylı elmi mə­qa­lələrində qədim və orta əsr bədii fikrimizin öyrənilməmiş və ya az tədqiq olunmuş sahələri işıqlandırılmışdır.

Nüşabə Araslı 20 cildlik Azərbaycan klassik ədəbiyyatı kitabxanası seriya­sın­dan­ Nizami Gəncəviyə həsr olunmuş IV cildin əsas tərtibçisi və mətnə yazılan şərh­lərin müəllifidir. Məhəmməd Füzulinin “Seçilmiş əsərləri”nin II cildinə “İzahlar”­ yazmış (1988), “Füzulinin lirikası” (1995), “Füzuli əsərləri” (1996) kitab­la­rı­nın­ tərtibçilərindən olmuşdur. Nizaminin “Xəmsə”sini latın qrafikası ilə tərtib edə­rək­ “Ön söz” və şərhlər (2002), dahi şairin latın qrafikası ilə nəşr olunmuş “Sirlər xə­zi­nəsi”, “Xosrov və Şirin”, “Yeddi gözəl” poemalarına müqəddimələr yazmışdır. Xa­qa­ni Şirvani və Məhsəti Gəncəvinin “Seçilmiş əsərləri”ni yeni müqəddimə, təs­hih­ və izahlarla tərtib etmişdir. Yevgeni Bertelsin rəhbərliyi ilə Bakıda nəşr olun­muş­ Nizami poemalarının tənqidi mətnlərinin Tehran nəşrinə müqəddimə (fars di­lin­də) yazmışdır (2002). Ümumtəhsil məktəblərinin VII sinfi üçün “Ədəbiyyat” dərs­li­yinin müəllifi (1998-2004) və VIII sinif “Ədəbiyyat” dərsliyinin həmmüəllifidir (2004).

Alimin fəaliyyəti daim yüksək qiymətləndirilmiş, “Şöhrət” ordeni (2008), AMEA-nın Fəxri fərmanı (2013), Xurşidbanu Natəvan mükafatı (2015), Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Fəxri fərmanı (2016) ilə təltif edilmişdir.

Görkəmli alimi 80 illik yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, Azərbaycan elminin inkişafı yolunda yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.